İDMAN
“Təhsil” komandası U-16 qızlar Liqasının qalibi olub
Bakı, 14 may, AZƏRTAC
AFFA-nın təşkil etdiyi futbol üzrə U-16 qızlar Liqasında 2017/2018-ci il mövsümünə yekun vurulub. “Təhsil” və “Keşlə” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) ikinci komandası arasında oyundan sonra mövsümü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə, qadınlardan ibarət U-19 və əsas milli komandanın baş məşqçisi Vüqar Əsgərli, Qızlar Liqası şöbəsinin rəhbəri Nəriman Axundov təqdim ediblər.
U-16 qızlar Liqasının qalibi “Təhsil” komandası olub. UGİM (Qax) ikinci, “Keşlə” RİOEUGİM-2 isə üçüncü yeri tutub.
Alina Nəhmədova (“Fidan”) ən yaxşı oyunçu, Pərvin Səfərəliyeva (“Keşlə” RİOEUGİM-2) “feyr-pley” mükafatına layiq görülüb. Qaxı təmsil edən UGİM komandasının üzvü Ofelya Durmuşova 57 qolla liqanın bombardiri olub.
Hakim kimi karyerasının son oyununa çıxmış Ülviyyə Mustafayevaya isə gül dəstəsi təqdim edilib.