ELM VƏ TƏHSİL


Təhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü

Bakı, 21 fevral, AZƏRTAC

Ümumi təhsil müəssisələrində 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərində Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötürmək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Bakı məktəblərində “Dil xalqın varlığıdır!”, “Dilimiz dəyərimizdir”, “Tarix ayırsa da, dil birləşdirir!”, “Mənim dilim”, “Ana dilimizi sevək və qoruyaq”, “Ana dilim - doğma dilim”, “Azərbaycan dili milli varlığımızdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və yerli icra qurumları əməkdaşlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivinin, valideyn və şagirdlərin iştirak etdikləri tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər salınıb. Şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.

Tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər və mahnılar oxuyub, dahilərin müdrik kəlamlarını xatırlayıb, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.