ELM VƏ TƏHSİL


Təhsil müəssisəsinə daxil olan şəxslərin təmassız termometrlə hərarəti ölçüləcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçüləcək, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Qərara əsasən təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin ediləcək. Təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslə (təhsilalanlar, təhsilverənlər və sair) arasında minimum 1,5 metr sosial məsafə təmin olunacaq və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnəcək.

Eyni zamanda təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin ediləcək. Təhsil müəssisəsinə tibbi maska taxma tələbi qoyulan şəxslərin maskasız daxil olması qadağan olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.