ELM VƏ TƏHSİL
Təhsil müzakirələri davam edir
Bakı, 13 mart, AZƏRTAC
“Məktəb seminarları”nın növbəti sessiyaları Suraxanı rayonunun ümumtəhsil məktəbləri üzrə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, “Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması məsələlərindən danışıb.
İdarə müdiri, həmçinin “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Qruplar şəklində təşkil olunan sessiyalarda məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, şagirdlərə psixoloji xidmətin təşkili və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində idarənin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.
Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki məktəblərin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.