REGİONLAR


Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub VİDEO

Balakən, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

İyulun 13-də təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Şərif kəndində Natiq Davudov adına tam orta məktəb üçün Təhsil Nazirliyinin sifarişi ilə inşa edilmiş 360 şagird yerlik yeni məktəb binasında yaradılan şəraitlə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin direktoru Nail Kalayev yeni məktəb binasında görülən işlər barədə nazirə məlumat verib. Bildirilib ki, 1963-cü ildən fəaliyyət göstərən bu təhsil ocağının binası uzun illər istismarda olduğu üçün son vaxtlar istifadə üçün tam yararsız vəziyyətə düşmüşdü. Məktəbin yeni binasının tikintisinə 2016-cı ilin dekabrında başlanılıb və 2018-ci ilin yanvarında şagirdlərin istifadəsinə verilib. İkimərtəbəli məktəb binasında 22 sinif otağı, 3 fənn kabineti, kompüter, hərbi hazırlıq və tibb otaqları, kitabxana, bufet, akt və idman zalları, eləcə də məktəbin həyətində mini idman meydançası fəaliyyət göstərir. Məktəbin həyətində geniş abadlıq işləri görülüb. 374 şagirdin təhsil aldığı məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 46 müəllim məşğul olur. Onlardan 38-i ali təhsillidir.

Nazir Ceyhun Bayramov məktəbin sinif otaqlarını gəzib, fənn kabinetlərinə, kitabxanaya, akt və idman zallarına baxıb, müəllimlərlə görüşüb, səmimi söhbət aparıb. Nazir bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Çünki təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsinə qoyulan investisiyalar böyük əhəmiyyət kəsb edir.

Ceyhun Bayramov vurğulayıb ki, regionlarda, ucqar yaşayış məntəqələrində bu cür məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.

Təhsil naziri məktəbin müəllimlərinə təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələrini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.