ELM VƏ TƏHSİL


Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə görüşüb

Bakı, 11 dekabr, AZƏRTAC 

Dekabrın 11-də təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə videogörüş keçirib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin 4 yaşı münasibətilə təşkil edilən görüşdə nazir Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, eləcə də təhsilin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Nazirin müşaviri Rüstəm Ağayev layihənin 4 illik fəaliyyəti ərzində görülən işlərdən söz açıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, layihənin əməkdaşları və digər qonaqların iştirak etdiyi görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb.

Daha sonra layihə barədə videoçarx nümayiş olunub.

Xatırladaq ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.