ELM VƏ TƏHSİL
Təhsil naziri Ucar şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 7 fevral , AZƏRTAC
Təhsil naziri Ceyhun Bayramov fevralın 15-i saat 11.00-da Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar fevralın 7-dən 13-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.