ELM VƏ TƏHSİL
Təhsil naziri Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək məktəblilərlə görüşüb VİDEO
Bakı, 21 iyul, Lamiə Mustafayeva, AZƏRTAC
İyulun 21-də Azərbaycan Respublikası Təhsil Nazirliyində Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Təhsil naziri uşaqların bir çox problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratdığı üçün belə forumların keçirilməsininin vacibliyini diqqətə çatdırıb.
Bu ilin aprel-may aylarında regional görüşlərin keçirildiyini deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, uşaq hüquqları sahəsində bilikləri olan, mövzu ətrafında sərbəst şəkildə fikirlərini ifadə edən uşaqların seçimi uğurla başa çatıb. O da diqqətə çatdırılıb ki, uşaqların intellektual və hüquqi biliklərinin artmasına kömək edəcək forumda 400-ə yaxın şagird iştirak edəcək.
Sonra şagirdlərin təklifləri dinlənilib. Onları maraqlandıran suallar təhsil naziri Mikayıl Cabbarov tərəfindən cavablandırılıb.