ELM VƏ TƏHSİL
Təhsil nazirinin müavini Biləsuvarda vətəndaşların müraciət və təkliflərini dinləyib
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-dəTəhsil nazirinin müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Biləsuvar rayonlarının sakinlərini qəbul edib.
Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Əvvəlcə Təhsil nazirinin müavini Firudin Qurbanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda F.Qurbanov vətəndaşların müraciət və təkliflərini dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı müraciət ediblər.