ELM VƏ TƏHSİL


Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara Universitetində olub

Ankara, 22 fevral, AZƏRTAC

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər çərçivəsində fevralın 22-də Ankara Universitetində olub.

AZƏRTAC xəbər verir ki, Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı nazir Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektora təşəkkürünü bildirib.

Sonra Azərbaycan nümayəndə heyəti universitetdə Xocalı soyqırımına həsr olunmuş anma mərasimdə iştirak edib. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, təhsil naziri Emin Əmrullayev və Ankara Universitetinin rektoru Necdet Ünüvar mərasimdə çıxış ediblər.

Səfir Xəzər İbrahim çıxışında diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşları hər zaman güclü və yüksək təhsilli olmalıdır. Azərbaycanın güclü və qüdrətli olması təkcə Türkiyə üçün deyil, bütüm türk dünyası üçün önəmlidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində rəşadətli qələbə qazandığını vurğulayan nazir Emin Əmrullayev qeyd edib ki, indi biz qalib Azərbaycan olaraq Xocalıya ədalət tələb edirik. Gələcək nəsillərə Xocalı soyqırımını unutdurmamaq üçün hələ görüləsi çox işlərimiz var. Zəfər qazanmışıq, lakin “Xocalıya ədalət!” əldə etmək üçün hələ çox çalışmalıyıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət iki dövlət!”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamlarını xatırladan rektor Necdet Ünüvar diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimizi bir-birinə daha möhkəm bağlayıb.

Tədbirdə Ankara Universitetinin professoru, hüquq elmləri doktoru Cavid Abdullazadə “Xocalıya elmi baxış” mövzusunda təqdimatla çıxış edib.

Anım mərasimindəki çıxışlarda və təqdimatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallar tərəfindən Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımının səbəb və məqsədlərindən bəhs olunub.

Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyə Milli Təhsil Nazirliyinin nəzdindəki Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yaxından tanış olmaq imkanı qazanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.