ELM VƏ TƏHSİL
Təhsil sahəsində şəffaflığın artırılması mövzusunda maarifləndirici görüşlər davam edir
Bakı, 7 noyabr, AZƏRTAC
Paytaxt məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici görüşlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki Məktəb-Lisey Kompleksində təşkil olunan görüşdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edib.
Görüşlərin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.
Tədbirdə çıxış edənlər təhsil sahəsində göstərilən elektron xidmətlərin kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində bütün xidmətlər üzrə subyektiv amillərin maksimum azaldılması və şəffaflığın daha da artırılmasının təmin olunduğunu konkret faktlar əsasında diqqətə çatdırıblar. Bildirilib ki, ümumtəhsil müəssisələrində pedaqoji, inzibati-idarəetmə və tədris köməkçi heyətin işə qəbulu, uşaqların birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulunun (www.mektebeqebul.edu.az) elektron sistemi vasitəsilə aparılması, BŞTİ-nin tabeliyindəki lisey və gimnaziyaların V və VII siniflərinə şagird qəbulunun elektron qeydiyyat və müsabiqə yolu ilə həyata keçirilməsi, vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması, səyyar qəbulların səmərəli keçirilməsi, məktəb-valideyn əməkdaşlığının təşəkkül tapması və ictimaiyyətə açıqlığın təmin olunması məsələləri bunun bariz nümunələridir.
Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, görüşlərin davam etdirilməsi nəzərdə tutulur.