ELM VƏ TƏHSİL
Təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili sahəsində İspaniya təcrübəsi öyrənilir
Bakı, 6 may, AZƏRTAC
Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniyanın Barselona şəhərinə işgüzar səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya təcrübəsi ilə tanış olmaq və Azərbaycanda tətbiqi imkanlarını öyrənməkdir.
Səfər çərçivəsində Barselona şəhərində yerləşən IESE Biznes Məktəbinin Dövlət-Özəl Tərəfdaşlıq Mərkəzi, həmçinin Kataloniya əyalətinin Təhsil, Tədqiqatlar, Maliyyə nazirliklərinin rəhbərlikləri ilə görüşlər reallaşdırılıb. Muxtar əyalətin təhsil sistemi haqqında məlumat əldə edilib, özəl sektorun müxtəlif təhsil pillələrində rolu, maliyyələşdirmə mexanizmləri, o cümlədən dual peşə təhsili istiqamətindəki layihə nəzərdən keçirilib.
Dörd gün davam edən təlim zamanı dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil, peşə və ali təhsil müəssisələrində görüşlər təşkil olunub.
Səfər Avropa İttifaqının maliyyələşdirdiyi “Dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması” layihəsi çərçivəsində reallaşdırılıb.