ELM VƏ TƏHSİL
“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsinin ikinci mərhələsinə start verilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin ikinci mərhələsinə start verilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, pilot olaraq Bakı şəhəri üzrə seçilmiş 25 məktəbdə həyata keçirilən layihənin bu mərhələsində əsas məqsəd yaradılmış uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) komandalarının məktəblərdə maarifləndirici fəaliyyətlərinin davam etdirilməsi və həmin ümumtəhsil müəssisələrində prosesin mütəmadi şəkildə superviziya olunmasıdır. Bu məqsədlə 2022/2023-cü tədris ilinin başlanğıcında 25 pilot məktəbin UMT komandaları ilə görüşlər təşkil olunub, uşaq müdafiəsi və təhlükəsizliyi mexanizminin əsas məqsədi, iş prinsipləri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, layihənin ilkin mərhələsində 25 məktəbin UMT komandaları təlimləndirilib, həmçinin şagirdlər, valideynlər və müəllimlərlə maarifləndirici görüşlər keçirilib.