REGİONLAR


Təhsil tələbə krediti gələcəyimizə göstərilən dövlət qayğısının təcəssümüdür

Naxçıvan, 12 may, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondunun (TTKF) yaradılması olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən mühüm bir addımdır. Bu, təhsilə və gələcəyimizə göstərilən dövlət qayğısının təcəssümüdür.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayevin Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşündə bu fikir vurğulanıb.

Universitetdə keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev ölkəmizdə aparılan təhsil islahatları, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, TTKF-nin yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.

TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi haqqında geniş məlumat verib. Qeyd edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur.

Araz Paşayev deyib ki, fondun fəaliyyəti ölkə üzrə ödənişli və əyani təhsil alan tələbələrə aid olmaqla, 44 ali təhsil müəssisəsini və 55 orta-ixtisas təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə təhsil alan 266 min nəfər tələbədən 146 min nəfəri ödənişli əsaslarla oxuyur. Krediti almaq üçün tələbə girov, zamin, borcalan heç bir öhdəliklə yüklənmir. Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

Universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı çıxışında bildirib ki, ali təhsil ocağında 2021-2022-ci tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən semestr ərzində, ümumilikdə, 60-a yaxın tələbə kreditlə bağlı müraciət etsə də, bunun 25 nəfəri sosial, 23 nəfəri isə standart olmaqla, 48 tələbənin krediti rəsmiləşdirilib. Hazırda davam etməkdə olan semestrdə bu günədək 50-ə yaxın tələbənin müraciəti qeydə alınıb və 8-i sosial, 16-sı isə standart olmaqla, 24 nəfərin müraciəti rəsmiləşdirilib, 23 tələbə namizəd qismində saxlanılıb, digərləri isə gözləmə mövqeyindədir.

YAP Universitet Ərazi Partiya Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev ölkədə aparılan islahatların fonunda təhsil strategiyasının uğurla həllindən danışıb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun çıxışı dinlənildikdən sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.