CƏMİYYƏT


Təhsil və elmi-maarifləndirici televiziya kanalının açılması üçün elan edilmiş müsabiqəyə yekun vurulub

Bakı, 4 avqust, AZƏRTAC

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan edilmiş müsabiqəyə yekun vurulub.

MTRŞ-dən AZƏRTAC-a bildirilib ki, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı ("APA Mark" MMC, "Təhsil TV" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İsti Press" MMC və "Medical Media" MMC) sənədlərini təqdim edib.

Həmin sənədləri araşdırmaq, həmçinin iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə təqdim olunmuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumölkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.

MTRŞ-nin iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumölkə televiziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyildir. Bununla da Şura heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.

MTRŞ qeyd olunanları nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli Qanununu, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.