ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADPU-nun Quba filialında təlim xidmətləri göstərəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşları üçün daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və strateji idarəetmədə keyfiyyət təminatına dair bir sıra təlimlərin keçirilməsi nəzərdə tutulur.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas məqsədi akademik və inzibati heyətə daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və strateji idarəetmədə keyfiyyət təminatına dair, eləcə də daxili monitorinq sisteminin qurulmasına dair geniş məlumat verməkdir.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək bu qurumun fəaliyyət istiqamətlərindən biridir.
TKTA digər ali təhsil müəssisələrini və regional filiallarını də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.