ELM VƏ TƏHSİL


Təhsildə Keyfiyyət Təminatı Agentliyi Britaniyanın və Niderlandın aidiyyəti qurumları ilə əməkdaşlıq edəcək

Bakı, 6 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Ali təhsildə keyfiyyət təminatı” mövzusunda beynəlxalq forum çərçivəsində Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Niderland Krallığının Akkreditasiya Təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, memorandumlarda qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət ayrılıb. Sözügedən əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcək. Belə ki, keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.

Xatırladaq ki, mayın 5-də TKTA-nın təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı” mövzusunda 2 günlük beynəlxalq foruma start verilib. Forum ali təhsildə daxili və xarici keyfiyyət təminatı, tədqiqat potensialının inkişafı, eləcə də ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsələlərini müzakirə etmək məqsədilə təşkil olunub.

Forumun ikinci günü – mayın 6-da təhsil müəssisələrinin nümayəndələri, daxili keyfiyyət təminatı strukturunun əməkdaşları, dekan, tədris şöbələrinin müdirləri üçün beynəlxalq ekspertlər tərəfindən praktik vorkşoplar keçirilərək yekunlaşdırılıb. Tədbirdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu, ali təhsil müəssisələrinin tədqiqat potensialının inkişafında xarici keyfiyyət təminatının rolu və digər məsələlər müzakirə olunub və tədbir iştirakçılarının sualları cavablandırılıb. Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.