ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Turizm və Menecment Universitetində təlim keçirib
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovun təqdimatında təlim keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib.
“Sillabusların dizaynı, təlim nəticələrinin yazılması və qiymətləndirilməsi qaydaları” mövzusunda təlim ATMU və TKTA arasında imzalanan “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında təşkil olunub. Təlimdə Asiman İlyasov sillabusların dizaynı zamanı başlıca məqamların müəyyənləşdirilməsi, təlim nəticələrinin “Blum” taksanomiyası metodologiyası üzrə yazılması və qiymətləndirilməsi, praktiki tapşırıqlar nəzərə alınmaqla bilik və bacarıqların təkmilləşdirilməsi kimi məsələlərə aydınlıq gətirib. İki gün davam edən təlimə universitetin kafedra müdirləri, akademik heyət üzvləri, Keyfiyyət təminatı, Tədris-metodiki və Təhsildə qiymətləndirmə şöbələrinin əməkdaşları qatılıblar.