ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi baytar texniki ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsini keçirib
Bakı, 25 iyun, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən baytar texniki peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib. Bildirilib ki, Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “Gilan Dairy Farms” Mərkəzinin direktoru Vüsal Abbasov, mərkəzin sahə üzrə mütəxəssisləri Həmid Sıxməmmədov və Xəyyam İbrahimov, müstəqil ekspert qismində isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Şahsun Abbasbəyli cəlb edilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə “Gilan Dairy Farms” Mərkəzinin istehsalat bazasında həyata keçirilən imtahanda ərizəçilər sözügedən peşə ixtisasının iş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları, xəstəliklərlə mübarizə, süni mayalandırma və doğum ixtisas modulları üzrə qiymətləndirilib.
Yekunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra uğurlu nəticə əldə edən ərizəçilərin təhsil sənədi ilə təltif edilməsi nəzərdə tutulur.