ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb
Bakı, 3 dekabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) noyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, noyabr ayı üzrə 302 ərizəçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbindən 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbindən 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyədən 106, Rusiyadan 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliyadan 6, digər ölkələrdən isə 31 müraciət daxil olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 21, biznesin idarə edilməsi üzrə 12, menecment üzrə 12, tibb üzrə 11 nəfər ərizəçi qeydə alınıb.
Sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil edib.