ELM VƏ TƏHSİL
Təhsilə yüksək səviyyədə münasibət gələcəyimizə ən böyük qayğıdır
Bakı, 10 sentyabr, AZƏRTAC
Yeni tədris ili ərəfəsində Prezident İlham Əliyevin Bakı şəhərindəki 251 nömrəli orta məktəbə gedərək, orada aparılan əsaslı təmir işləri ilə tanış olması, məktəbin yeni korpusunun açılışında iştirak etməsi göstərir ki, həmişə olduğu kimi, təhsil və onun problemlərinin həlli dövlətimizin başçısı üçün prioritet istiqamətlərdən biri olaraq qalır. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı mənbəyini ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində müəyyənləşən siyasətdən alıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova söyləyib. O, qeyd edib ki, əsası Ümummilli Lider tərəfindən yaradılmış etibarlı iqtisadi zəmin və siyasi sabitlik nəticəsində təhsilin inkişafı ilə bağlı mühüm strategiya hazırlanıb, dövlət proqramları qəbul olunub. “Elə yaxın bir ildə təhsilə ayrılan büdcə xərclərinə baxsaq, dövlətin təhsil sahəsinin inkişafında nə qədər maraqlı olduğunu görmək mümkündür. Həmçinin ölkəmizdə aparılan təhsil siyasətinin həyata keçməsində Heydər Əliyev Fondunun müstəsna fəaliyyəti var və o fəaliyyət bu gün də davam edir. Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərə böyük töhfələr verib”, - deyə professor M.Hüseynova vurğulayıb.
ADPU-nun Filologiya fakültəsinin dekanı diqqətə çatdırıb ki, Azərbaycan təhsilinə dövlət qayğısı siyasəti təhsilin bütün pillələrinin üzvi bağlılığı kontekstində təmin edilib və bu sırada ali məktəblərin xüsusi çəkisi var. Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin ilk illərindən onun ali təhsilin inkişafına yönələn fəaliyyətinin qayəsində neft kapitalının insan kapitalına çevrilməsi fəlsəfəsi dayanırdı. Bunun nəticəsi idi ki, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilib, təhsilalanların sayı artıb. Azərbaycanda müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Azərbaycan-Fransız Universiteti təsis edilib. Bir sıra ali təhsil müəssisələri üçün müasir kampuslar yaradılıb, bütün ali məktəblərin maddi- texniki və tədris bazası əhəmiyyətli dərəcədə yenilənib. Dövlətimizin başçısı tərəfindən tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub. Təhsilə yüksək səviyyədə münasibət isə gələcəyimizə ən böyük qayğıdır.