ELM VƏ TƏHSİL


Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı Azərbaycanda keçiriləcək

Bakı, 22 fevral, AZƏRTAC

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransı gələn il sentyabrın 23-dən 27-dək Azərbaycanda keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, bu barədə qərar IAEA-nın idarə heyətinin Tailand Krallığının Banqkok şəhərində keçirilən illik görüşündə qəbul edilib.

Tədbirdə DİM-in strateji inkişaf və layihələrin idarəedilməsi sektorunun müdiri Vəli Hüseyn Azərbaycanda “Qiymətləndirmə və qərar qəbul etmə: fərdi və institusional həllər” mövzusunda keçirilməsi planlaşdırılan illik konfransa hazırlıq işləri barədə təqdimatla çıxış edib. Təqdimatın əsas hissəsi konfransın mövzusu, alt mövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan, ölkə təqdimatı və ümumi hazırlıq işlərindən ibarət olub.

Hazırlıq işlərinin növbəti mərhələsi IAEA-nın bu il Böyük Britaniyanın Oksford şəhərində təşkil olunan konfransında təqdim ediləcək.

Qeyd edək ki, DİM biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq etməkdədir. Belə ki, 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.