CƏMİYYƏT


“Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsinin təqdimatı keçirilib

Bakı, 5 may, AZƏRTAC

“Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsinin təqdimatı keçirilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda su ehtiyatlarının idarə olunması üçün təhlil, planlaşdırma və koordinasiya sahəsində milli imkanları gücləndirməkdir.

Susuz həyat mümkün deyil! Kəskin iqlim dəyişikliyi, təbii ehtiyatların azalmaq təhlükəsi ilə üz üzə qaldığı, quraqlıq və kəskin su çatışmazlığı kimi təbii fəlakətlərə üzləşdiyimiz dünyada mövcud su ehtiyatlarının səmərəli idarə olunması və bununla da qida təhlükəsizliyinə nail olmağımız olduqca vacib məsələdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirəcəyi layihə kənd təsərrüfatında məhsuldarlığı və ərzaq təhlükəsizliyini təmin etmək, torpaq və su ehtiyatlarının qorunmasını artırmaq və kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirinə qarşı davamlılığının artırılmasını hədəfləyir.

Tədbirin açılış mərasimində çıxış edən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib: “Məlumdur ki, iqlim dəyişikliyi, əhali artımı, kənd təsərrüfatında suvarılan ərazilərin miqyasının genişlənməsi və sənayeləşmə su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu layihə çərçivəsində suyun dayanıqlı şəkildə idarə olunması və sudan istifadə mexanizmlərinin təşviq edilməsi istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyik”.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov bildirib ki, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi ilə bağlı qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının və yağıntılarının azalması, ölkənin şirin su ehtiyatlarının azlığı və suya tələbatın artması su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsini aktuallaşdırır. “Azərbaycanda illik su ehtiyatları balansının cəmi 30 faizi ölkə ərazisində, 70 faizi isə ölkə xaricində formalaşır”, - deyə öz çıxışında bildirib və bu layihənin ölkədə su idarəçiliyinə öz töhfəsini verəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev layihənin xüsusi rolunu vurğulayaraq su ehtiyatlarının düzgün idarə edilməsini və strateji planlaşdırmanın əhəmiyyətinə diqqət çəkib və “Əgər su olmazsa kənd təsərrüfatında nəticənin əldə olunması mümkün ola bilməz”, - deyə bildirib.

Layihənin ilkin seminarında, nazirliklər, milli və beynəlxalq təşkilatlar da daxil olmaqla bütün maraqlı tərəflər bir araya gələrək məqsəd və gələcək fəaliyyətləri müzakirə ediblər, tədbir daha sonra iştirakçıların müzakirəsi formasında aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.