REGİONLAR


Təkrar attestasiyada uğur qazanan musiqi təhsili müəllimləri üçün müsahibə mərhələsi başlayıb

Naxçıvan, 10 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 8 may tarixli Qərarına əsasən, musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanları test üsulu və müsahibə vasitəsilə iki mərhələdə həyata keçirilir.

Muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər. Müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət İmtahan Mərkəzindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır.

Müsahibənin nəticələri balla qiymətləndirilir. Müsahibə komissiyası müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır.

Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq.

Qeyd edək ki, mayın 17-22-də keçirilən attestasiyanın test mərhələsində 516 müəllim iştirak edib. Naxçıvan Musiqi Kolleci üzrə 27, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə isə 383 müəllim olmaqla, 410 nəfər müvafiq keçid balını toplayıb və müsahibədə iştirak etmək hüququ qazanıb.

Attestasiya və təkrar attestasiyada müvəffəqiyyət qazanmış dövlət musiqi təhsili müəssisələrinin müəllimləri üçün keçirilən müsahibə mərhələsi iyulun 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.