REGİONLAR


Təkrar əkin yüksək məhsuldarlığın təminatıdır VİDEO

Tovuz, 5 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Torpağın tərkibinin zəngin olması və ona qulluq etmə bacarığı nəticəsində bəzi fermerlər bir mövsüm ərzində iki dəfə əkin edə bilir. Bu üsuldan istifadə edənlər nəticədə yaxşı da məhsul əldə edə bilirlər.

AZƏRTAC xəbər verir ki, qərb bölgəsində fermerlərin əkin sahələrindən bir mövsümdə iki dəfə əkin etməsi son vaxtlar geniş şəkil alıb. Kartofu, taxılı eləcə də digər yay məhsulunu yığdıqdan sonra torpaq sahəsi boş qalır. Bundan faydalanan bəzi fermerlər torpaqdan ikinci dəfə yenidən yararlanmağı bacarır. Biçilmiş taxıl sahəsinə nə od vurulur, nə də boş buraxılır. Torpağın məhsuldarlığı da yüksək qalır. Məhsul yığımından dərhal sonra isə sahəyə başqa bir məhsul əkilir.

Tovuzun Dönük Qırıqlı kəndinin fermerləri əkin sahəsindən ikinci məhsul götürməyi planlaşdırırlar. Bundan öncə onlar kartof əkib. Məhsulu götürdükdən sonra isə dərhal torpağa qarğıdalı əkiblər. İkinci əkindən yüksək məhsuldarlıq əldə etmək üçün isə su olmalıdır. Elə ona görə də ikinci əkin zamanı vacib məsələ su amilidir. Əgər fermerlərin su mənbəsindən istifadə etmək imkanı məhduddursa, onda ikinci əkindən məhsul əldə etmək çətin olur.

Uzun illərdir fermer təsərrüfatı ilə məşğul olan Atakişi İmaməliyev də artıq bir neçə ildir ki, bir mövsüm ərzində iki dəfə məhsul əldə edir. O deyir ki, ikinci əkindən götürdüyü qazanc ondan ötrü əlavə gəlir sayılır. “Təkrar əkin olaraq qarğıdalı əkmişəm. Qarğıdalı 90 günə yetişən məhsuldur. Ona görə də məhsul yaxşı vaxtında yetişəcək. Qarğıdalıdan həm qida kimi, sütül halında satışa çıxaracağıq həm də tam yetişdikdən sonra təsərrüfat üçün dəninin satışını həyata keçiriləcəyik. Amma sütül halında alıcısı daha çox olur. Üstəlik də yaxşı qiymətə gedir. Sentyabrın 15 dən sonra məhsulu yığıb alıcılara satacağıq. Yetirmişi isə heyvan üçün satacağıq”, – deyə fermer A.İmaməliyev bildirib.

Fermer Atakişi İmaməliyev bu üsulun olduqca gəlirli olduğunu deyir. Ümumiyyətlə, hər fermer torpaq sahəsində ikinci əkini etməyə maraqlı olmalıdır. Fermerlər qarğıdalının “sütül” halında bir ədədini 10-15 qəpikdən satışını həyata keçirməyi nəzərdə tutublar. Digər fermer Nüsrət Şükürov deyir ki, payızda satılan qarğıdalı yayda yetişən qarğıdalıdan nisbətən ucuz olsa da, satışında heç bir problem yaşanmır. Əksinə tez də alıcı tapılır. “Qarğıdalı payızda da yaxşı qiymətə satılır. Cəllabadda əkilən qarğıdalılar bitəndən sonra burda məhsul satışa çıxacaq. Bu da təzə məhsul kimi bazara verilir. Payızın bazar məhsulu olur”, - deyə N.Şükürov əlavə edib.

Payızda məhsul yığılana qədər qarğıdalı sahəsi 4-5 dəfə suvarılacaq. Bununla bərabər bəzi zərərvericilərə qarşı dərmanlama, aqrotexniki qulluq işləri də görülür. Təkrar əkinin iqtisadi əhəmiyyətini və səmərəliliyini yaxşı bilən torpaq mülkiyyətçiləri bir hektardan 6-7 ton məhsul götürəcəklərinə inanır.

Qeyd edək ki, ikinci əkinlərin keçirilməsi həm də bazarların ekoloji cəhətdən saf məhsullarla təminatı deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.