ELM VƏ TƏHSİL
Tələb olunan minimum balı toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak edə bilərlər
Bakı, 12 may, AZƏRTAC
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov söyləyib. O bildirib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.