REGİONLAR
Tələbat azalsa da, papaqçılığı yaşadan sənətkarlar hələ də var – lahıclı ustanın əl işləri FOTO VİDEO
İsmayıllı, 7 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur.
Tarixən Lahıcda metalişləmə sənətindən sonra əsas sahələrdən biri gön-dəri istehsalı, yəni dabbağlıq olub. Elə Lahıcın Zəvəro məhəlləsində də dabbağların sıra ilə düzülmüş emalatxanaları var. Lahıc ustaları qoyun, keçi, dana dərisini aşılayır, müxtəlif məmulatlar hazırlayan digər ustalar üçün xammal istehsal edirdilər. Yerli dəri istehsalı sərraclıq, çəkməçilik, papaqçılıq kimi yeni sənətlərin də meydana gəlməsinə təkan verir. Bu sənətin məhsuluna tələbat az olsa da, Lahıcda papaqçılığı yaşadan və bundan çörəkpulu qazanan sənətkarlar hələ də var.
AZƏRTAC xəbər verir ki, burada el sənətkarlarının ənənələrini davam etdirənlərdən biri də papaq və yapıncı ustası Muxtar Mahmudovdur. 30 ildir bu sənətlə məşğul olan usta Lahıcın tanınan sənətkarlardandır.
Pandemiya olduğu üçün evində fəaliyyət göstərən 60 yaşlı Muxtar usta ata-babalarından miras qalan qədim el sənətini böyük sevgi ilə yaşadır. Ustanın sözlərinə görə, qədimdə Azərbaycanda yapıncının tüksüz, saçaqlı və çoban yapıncısı olmaqla üç növü olub. Yapıncı tikişli və tikişsiz növlərə də ayrılır. Tikişsiz yapıncılar daha qiymətli hesab edilirdi. Başı yağış və soyuqdan qorumaq məqsədilə çox zaman yapıncının arxasına elə keçədən hazırlanmış başlıqdan (külah) istifadə edilir.
Usta yapıncıdan əlavə müxtəlif növ papaqlarin tikilişi ilə də məşğul olur. Lahıcda papaqçı mağazaları bir zamanlar məşhur olsalar da, indi bu məkanların ziyarətçiləri azalıb. Bu mağazaların alıcıları, daha çox yaşlı insanlardır. Çoban papaqlarını da əsasən rəqqaslar alır. Müştərilərin bir qismi isə Azərbaycanın milli papağına üstünlük verir. Söhbət xarici turistlərdən gedir. Ustanın qadın müştəriləri də az deyil. Onlar zövqlərinə uyğun sifarış verirlər.
Sənətkar “çappa”, “çoban papağı”, “ziyalı papağı” adlandırdığı məhsulların birinin ərsəyə gəlməsi üçün xeyli vaxt sərf etdiyini deyir. Bu papaqların qiyməti isə 20-40 manat arasında dəyişir.