REGİONLAR


Tələbə Elmi Konfransında yer tutan Sumqayıt Universitetinin tələbələri təltif olunub

Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) V Tələbə Elmi Konfransı keçirilib. Əvvəlcə iştirakçılar akt zalının foyesində konfransda yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış oldular.

AZƏRTAC xəbər verir ki, konfransı universitet üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) Şura sədri Nailə Zeynalova açaraq 2018-2019-cu tədris ilindəki fəaliyyətin hesabatını verib.

Sonra fakültə üzrə TEC Şura sədrləri çıxış edərək Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıblar. Natiqlər Tələbə Elmi Cəmiyyətinin tələbə-gənclərin elmi biliklərinin artmasına, intellekt səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini vurğuladılar.

Konfransda çıxış edən universitetin rektoru, professor Elxan Hüseynov tələbələrin elmi-tədqiqat işlərinə maraqlarının artırılması məqsədilə bu kimi konfransların keçirilməsinin təqdirəlayiq olduğunu qeyd edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini və gənclərin inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar.

Rektor ölkəmizdə aparılan təhsil islahatlarından, SDU-da təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi, tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün görülən lazımi tədbirlərin həyata keçirildiyin qeyd edərək bildirib ki, universitetdə elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti uğurla yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır.

Tələbələrin elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqələrdə fəal iştirak edərək sertifikata layiq görülmələrini rektor yüksək dəyərləndirib.

Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs edib. TEC-in məqsədindən danışan prorektor tələbələrin bilik və bacarıqlarını aşkar etmək, onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaq olduğun vurğulayıb. Bildirib ki, bu baxımdan TEC-in konfransı mühüm əhəmiyyət kəsb edir.

Sonda V Tələbə Elmi Konfransında yer tutan tələbələr diplomlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.