ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları ABŞ-da Test Naşirləri Assosiasiyasının 13-cü konfransında iştirak etmişlər
Bakı, 13 fevral (AZƏRTAC) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları fevralın 2‑dən 6‑dək ABŞ-ın Fort-Loderdeyl şəhərində keçirilmiş Test Naşirləri Assosiasiyasının “Testdə innovasiyalar” mövzusunda 13-cü konfransında iştirak etmişlər.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, dünyanın bir sıra ölkələrindən 1000-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmizi qurumun ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Nərminə Məmmədova, həmin şöbənin sektor müdiri Samirə Həsənzadə, ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Məhəbbət Əkbərli və yoxlama-ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin böyük məsləhətçisi Rəhman Mehralıyev təmsil etmişlər.
Konfransda 100-ə yaxın məruzənin təqdimatı olmuşdur. Məruzələr əsasən, dünyada testologiya sahəsində tətbiq olunan yeniliklər, qiymətləndirmə sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların təcrübələri, testlərin hazırlanma texnologiyası, test tapşırıqlarının hazırlanmasının nəzəri əsasları, ekspertizası və təhlili, test imtahanlarının idarə edilməsi, imtahan sisteminin təhlükəsizliyi, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.