CƏMİYYƏT
Tələbə gənclər narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar
Bakı, 30 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Qafqaz Universitetində tədbir keçirib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komissiyanın işçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə və başqaları tələbələr qarşısında maarifləndirici çıxışlar ediblər. Bildirilib ki, bu məsələ tək bizim cəmiyyətimizi deyil, bütün dünyanı narahat edir. Narkomanlığın və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün profilaktik təbirlər həyata keçirilməsə bu, xalqların və dövlətlərin gələcəyinə, təhlükəsizliyinə ciddi zərbə olar.
Sonra Azərbaycanda narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında qəbul olunmuş dövlət proqramı və həyata keçirilən maarifləndirici reklam tədbirləri barədə tələbələrə məlumat verilib.
Qafqaz Universitetinin tələbələrinin nümunəvi olduqlarını söyləyən prorektor, professor Həmzağa Orucov, təhsilini davam etdirmək məqsədilə xaricə üz tutanların diqqətli və belə zərərli təsirlərdən uzaq olmalarını tövsiyə edib. Professor tələbələr arasında narkomaniya ilə mübarizənin yeni yollarının araşdırılması istiqamətində layihə yarışmasının keçirilməsini təklif edib.
Mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.