CƏMİYYƏT
Tələbə gənclər təşkilatlarının sədrləri qarşılaşdıqları çətinlikləri və onların həlli yollarını müzakirə ediblər
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının sədrlərinin Azərbaycan Dövlət Pedaqoji Universitetində növbəti iclası keçirilib. İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Faiq Məmmədov, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova, İnformasiya texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş departamentinin direktoru Xanım Paşayeva, ATGTİ-nin nümayəndəsi Ənvər İsmayılzadə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Faiq Məmmədov iclasda çıxış edərək TGT-lərdə yaranan problemlərdən, onların həll yollarından danışıb və keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsinin vacibliyindən söz açıb. Bildirib ki, TGT-lərin fəaliyyəti tələbələrin ilkin təcrübə qazanmalarına, liderlik və idarəetmə bacarıqlarının inkişaf etməsinə səbəb olmalıdır. Həmçinin çıxışda Tələbə Gənclər Təşkilatlarının birgə layihə keçirməsinin önəminə də toxunulub.
Sonra Xanım Paşayeva “Azərbaycan Tələbə Kartı”nın üstünlüklərindən danışaraq, yeni müəssisələrdə endirim fürsətlərinin olduğunu və bunun yaxın zamanda açıqlanacağını deyib. Tələbələr bu kart vasitəsi ilə hansı endirimlərin şamil olunduğunu eyca.az saytından öyrənə biləcəklər.
TGT sədrləri qarşılaşdıqları çətinlikləri və onların həlli yollarını müzakirə ediblər.