İDMAN
Tələbə idmançılarımızın növbəti yarışlarda da böyük uğurlara imza atacaqlarına inanırıq
Bakı, 10 noyabr, AZƏRTAC
Gənc nəslin fiziki və mənəvi inkişafında mühüm amillərdən olan bədən tərbiyəsi və idmanın ölkəmizdə kütləviləşməsi və daha da geniş yayılmasına töhfə verən idman cəmiyyətləri arasında “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının (KTİC RŞ) özünəməxsus yeri var. Azərbaycanın 25 ali və 15 orta ixtisas təhsil müəssisələrinin tələbələrini sıralarında birləşdirən idman qurumu onların sağlamlığı, asudə vaxtlarının təşkili məsələlərini daim diqqətdə saxlayır.
“Gənclik” KTİC RŞ-nin sədri Tofiq Xanəliyev AZƏRTAC-a müsahibəsində idman cəmiyyətinin əsas fəaliyyətinin gənclərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman tədbirlərinə cəlb edilməsi, eləcə də beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edəcək idmançıların yetişdirilməsinə yönəldiyini bildirib. O, dərs ilinin başlanması ilə “Gənclik” KTİC RŞ-nin də idman tədbirlərinə start verdiyini, spartakiada, universiada, birincilik və çempionatların ilkin mərhələsində yüzlərlə gəncin qüvvəsini sınadığını vurğulayıb: “Yarışlara hazırlıqla bağlı, mütəmadi olaraq, iştirakçılar məşqlərə cəlb edilir, onların potensialı öyrənilir. Sonda ən güclülər final mərhələsində mübarizə aparırlar”.
T.Xanəliyev bu ilin mart və may aylarında idmanın altı növü üzrə ali təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatlarının keçirildiyini, yarışlarda 19 ali təhsil müəssisəsindən ümumilikdə 325 tələbənin iştirak etdiyini bildirib. Qeyd edib ki, ali təhsil ocaqlarının idman zalları ilə yanaşı, “Şüa” idman klubu, “Pirallahı” Olimpiya İdman Kompleksinin və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) şahmat-dama klubunda cüdo, yunan-Roma güləşi, sərbəst güləş, şahmat, stolüstü tennis və badminton üzrə təşkil edilən yarışların yekun nəticələrinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universitetinin komandaları fərqləniblər.
Universiadalarda kütləviliyin təmin olunmasına xüsusilə diqqət yetirilir
Ali məktəblərin komandaları arasında yarış-universiadalarda da kütləviliyin təmin olunmasına xüsusilə diqqət yetirilir. Universiada yarışlarının ənənəvi olaraq hər il təşkil edildiyini bildirən “Gənclik” KTİC RŞ-nin sədri ötən ilin martında idmanın 11 növü - dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, şahmat, voleybol (oğlanlar, qızlar), stolüstü tennis (oğlanlar, qızlar), basketbol, badminton (oğlanlar, qızlar), veloidman və atletika üzrə keçirilən sonuncu universiadada 24 ali təhsil müəssisəsindən 1200-ə qədər tələbənin qüvvəsini sınadığını qeyd edib. Bu turnirin nəticələrinə görə, ilk üç yerdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları sahib olublar.
Qurum rəsmisi orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən respublika yarışlarından da söz açıb: “Kolleclər arasında bir ildən bir spartakiada və respublika birincilikləri təşkil edilir. Ötən dərs ilinin oktyabr və dekabr ayları ərzində orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Spartakiadası keçirilib. Atletika, dama, voleybol, basketbol, stolüstü tennis və şahmat üzrə turnirlərdə 14 təhsil müəssisəsindən 583 tələbə-idmançı iştirak edib. Spartakiadanın nəticələrinə əsasən, ümumkomanda hesabında Azərbaycan Dövlət Pedaqoji Kolleci, Bakı 2 saylı Baza Tibb Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ilk üç yeri tutublar.
2018-2019-cu tədris ilində isə orta ixtisas təhsil müəssisələri arasında idmanın 4 növü üzrə respublika birinciliyi start götürüb. Artıq dama, şahmat yarışları başa çatıb. Bu idman növləri üzrə yarışların hər birində 7 komanda iştirak edib. Yarışlar noyabrın 20-nə qədər davam edəcək”.
“Gənclik” KTİC-in sədri beynəlxalq arenalarda keçirilən yarışlarda tələbə idmançılarımızın böyük uğurlar əldə etdiyini diqqətə çatdıraraq deyib: “İdmançılarımızın beynəlxalq yarışlarda parlaq nailiyyətlər əldə etməsi ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Təhsil müəssisələrimizin müasir tələblər səviyyəsində qurulan idman bazasında gənclərimiz fiziki hazırlıqlarını artırmaqla yanaşı, həm də sağlamlıqlarının qeydinə qalır, eyni zamanda, asudə vaxtlarını səmərəli keçirməyə nail olurlar. Ötən il Çinin Taypey şəhərində keçirilən tələbələrin XXIX Yay Universiadasında komandamız 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazanmaqla böyük uğura imza atıb. Nazim Babayev atletika, Zelim Kotsoyev cüdo, Milad Herçəqani taekvondoda qızıl medal qazanıblar. Taekvondoçular Ayxan Tağızadə gümüş, Məhəmməd Məmmədov, Səid Quliyev, Radik İsayev, eləcə də cüdo ustası Firudin Dadaşov isə bürünc medallar əldə ediblər. Bu nailiyyətlər ölkəmizdə idman sahəsinin inkişafı istiqamətində görülən böyük işlərin məntiqi nəticəsidir. Gələn ilin ilk aylarında idmançılarımızın İtaliyanın Neapol şəhərində keçiriləcək növbəti XXX Yay Universiadasına hazırlığı başlayacaq. Növbəti yarışlarda da tələbə idmançılarımızın böyük uğurlara imza atacaqlarına inanırıq”.