CƏMİYYƏT


Tələbə klublarının şəbəkələşməsini hədəfləyən “Çətir” proqramı icra olunacaq

Bakı, 14 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ölkə üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tələbə klublarının şəbəkələşməsi və vahid hədəf altında birləşdirilməsini hədəfləyən “Çətir” proqramının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov, ADBTİA-nın Hüquq təminatı və kadrlar şöbəsinin müdiri Fatma Məmmədova və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış Zəfərdən danışılıb, hər bir gəncin, xüsusilə də tələbələrin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha fəal olmalarının vacibliyi vurğulanıb, bu xüsusda “Çətir” proqramının əhəmiyyəti diqqətə çatdırılıb.

Natiqlər tələbə klublarının tələbələrin ortaq maraqları əsasında bir yerə toplanmasında müstəsna rol oynadığını vurğulayıblar.

Təqdimatlar zamanı, həmçinin ATGTİ tərəfindən tədbir iştirakçılarına İttifaqın fəaliyyətini özündə əks etdirən videoçarxlar nümayiş olunub.

ATGTİ-nin üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə proqramın dövlət gənclər siyasətinə verəcəyi töhfədən danışıb.

Proqram rəhbəri Ülvi Quluzadə respublika ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrindəki tələbə gənclər təşkilatlarının tərkibində fəaliyyət göstərən tələbə klublarının "Çətir" mərkəzlər ətrafında birləşdirilərək, klublararası koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə həyata keçiriləcək layihəni təqdim edib. O, proqramın missiya və hədəflərindən danışıb, fəaliyyət planı və intensivliyi, həmçinin “Çətir” şəbəkələri haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən ATGTİ-nin sədr müavini, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının TGT sədri Aydan Höccətova “Çətir” haqqında fikirlərini bölüşərək deyib: “Proqramın, doğrudan da, tələbə klublarının koordinasiyalı və daha irimiqyaslı fəaliyyətinə dəstək olacağına inanıram. Düşünürəm ki, şəbəkələşmə təhsil müəssisələrində klubların həm sayına, həm də fəaliyyətlərinin keyfiyyətinə əvəzolunmaz töhfə verəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.