ELM VƏ TƏHSİL
Tələbə kredit fondu tərəfindən verilən krediti vaxtından əvvəl qaytara bilər
Bakı, 28 iyul, AZƏRTAC
Tələbə Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən krediti vaxtından əvvəl qaytara bilər. Tələbənin kreditini özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) ödəyə bilər.
AZƏRTAC xəbər verir ki, bu, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən, təhsil tələbə kreditinin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir.
Qeyd edək ki, qayda Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi proseduru, təhsil tələbə krediti üzrə hüquqların əldə olunması və kreditin qaytarılması, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələlər tənzimləyir.
Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.