ELM VƏ TƏHSİL
Tələbə və magistrantların elmi-tədqiqat işlərinə cəlb edilməsi diqqətdə saxlanılır
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar tələbə və magistrantların XXXX elmi konfransı keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda prorektor Arif Şərifov Ulu Öndərin elm və təhsil sahəsinin inkişafını daim diqqətdə saxladığını, bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın işinə uğurlar arzulayaraq, tələbə və magistrantların elmi-tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətinə toxunub. Rektor, həmçinin ümummilli lider Heydər Əliyevin təhsil, memarlıq və inşaat sahəsində gördüyü mühüm işlərdən də danışıb, çoxşaxəli siyasi fəaliyyətinə diqqət çəkib. Ulu öndərin Azərbaycanın XX əsrdə intibahını təmin edən böyük azərbaycanlı, əsl ziyalı, müdrik lider olduğunu söyləyib, bu yolun ölkə başçısı tərəfindən layiqincə davam etdirildiyini və Azərbaycan xalqına uğur, inkişaf, səadət gətirdiyini vurğulayıb.
Sonda “Yüksəkmərtəbəli binaların diafraqmalarının kəsilən və kəsilməz olduğu hallarda karkasın qəbul etdiyi qüvvələrin ədədi təhlili”, “Azərbaycan Respublikasında kiçik çayların təbii sərvətləri və enerji mənbələri” mövzularında məruzələr dinlənilib.
İki gün davam edəcək konfransın bölmə iclaslarında 500-dən çox elmi məruzənin dinlənilməsi nəzərdə tutulub.