ELM VƏ TƏHSİL


Tələbələr “Arşın mal alan” operettası əsasında tamaşa hazırlayıblar

Bakı, 18 may, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Təhsil Kompleksində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Xoşbəxt evliliyin qaydaları” tamaşasına daxili baxış keçirilib.

BXA-dan AZƏRTAC-a bildirilib ki, bu təhsil ocağının baş müəllimi, Xalq Artisti Yusif Qasımovun quruluş verdiyi tamaşa musiqi tərtibatı və bədii dekorasiyası ilə seçilir.

BXA-nın rektoru, professor Timuçin Əfəndiyev bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O deyib: “Üzeyir Hacıbəyli Azərbaycan milli musiqisini və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib”.

Operettanın tarixi barədə qısa məlumat verən T.Əfəndiyev diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasını 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil aldığı vaxt yazıb. Konservatoriyanın direktoru, rus bəstəkarı Aleksandr Qlazunov əsərin gənc bəstəkara böyük şöhrət gətirəcəyini əminliklə bildirib.

Dünyanın üç qitəsində dolaşan bu operetta əsasında 1945-ci ildə eyniadlı kinokomediya çəkilib. Bu ekran əsəri xarici filmlər arasında seçilən “100 sevimli film” içərisində “qızıl siyahı”ya daxil edilib.

Tələbələrin təqdim etdikləri tamaşanın xüsusi zövq və məharətlə hazırlandığını vurğulayan rektor premyerayadək ifaçılıq texnikası və aktyorluq sənəti baxımından mövcud nöqsanların aradan qaldırılmasını tövsiyə edib.

Qeyd edək ki, iyunun 4-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək tamaşanın premyerası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.