ELM VƏ TƏHSİL
Tələbələr “AzerGold” QSC tərəfindən keçirilən müsabiqənin qalibi olublar
Bakı, 14 noyabr, AZƏRTAC
“AzerGold” QSC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında 2019-cu ildə əməkdaşlığa dair imzalanmış fəaliyyət planına əsasən, şirkət tərəfindən universitetin 15 tələbəsi arasında müsabiqə təşkil olunub. Müsabiqə “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində yerləşən mövcud konveyer xəttinin alt hissəsindən avtomobil yolunun çəkilməsi” mövzusunda olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə Nəqliyyat fakültəsinin 3 tələbəsi - Nurlan Baxışov, Elmir Əsgərov və Elcan Süleymanlı qalib gəliblər.
Qaliblər şirkətin ofisinə dəvət olunublar. Şirkətin Təmir-tikinti və energetika şöbəsinin baş mühəndisi Zəka Talıbov, İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Valid Əliyev qalib tələbələrin təqdimatlarını dinləyib, onlara mövzu ilə bağlı suallar veriblər. Təqdimat qarşılıqlı müzakirələr şəklində davam edib. Qalib tələbələrin “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə ekskursiyaya göndəriləcəkləri bildirilib. Eyni zamanda, seçilən tələbələrin şirkətin tələbə-məzun bazasına düşdükləri, gələcək layihələrdə onlara müraciət oluna biləcəyi vurğulanıb. Tələbələrə Çovdar sahəsi haqqında məlumat verilib.