REGİONLAR
Tələbələr Bəhruz Kəngərli Muzeyinin eksponatları ilə tanış olublar
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsinin tələbə və müəllimləri Bəhruz Kəngərli Muzeyində olublar.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, muzeyin baş fond mühafizi Nazəndə Məcidli muzeyin tarixi və eksponatlar haqqında ətraflı məlumat verib.
Bildirilib ki, tanınmış rəssam, ilk realist fırça ustası Bəhruz Kəngərlinin yaradıcılığı müstəqil dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il mayın 22-də imzaladığı sərəncama əsasən yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub. Muzeyin fondunda, ümumilikdə, minə yaxın eksponat qorunur. Bunlardan 366-sı ekspozisiyada sərgilənir. Muzeydə rəssamın 341 rəsm əsəri var. Əsərlərdən 58-i orijinaldır.
Ayrı-ayrı zallarda rəssamın ailəsinə və özünə məxsus şəxsi və məişət əşyaları, rəssamlıq ləvazimatları, əsər və eskizlərin fotosurətləri, büstü, heykəli və digər dəyərli eksponatlar sərgilənir.
Məlumat verilib ki, indiki muzey binası XX əsrin əvvəllərində pedaqoji texnikum kimi fəaliyyət göstərib və ulu öndər Heydər Əliyev 1936-1939-cu illərdə burada təhsil alıb. Bu səbəbdən burada dahi şəxsiyyətin həyatının müxtəlif anlarını, təhsil illərini əks etdirən rəsm və fotoların, eləcə də müxtəlif sənədlərin qorunub saxlanıldığı otaq da mövcuddur.
Tələbələr muzeydən zəngin təəssüratlarla ayrılıblar.