İDMAN
Tələbələr “Ekspo 2025” Ümumdünya Sərgisi ilə bağlı məlumatlandırılıb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Gənclər və İdman, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və “Bakı Ekspo 2025” Əməliyyat Katibliyinin nümayəndələri ali təhsil müəssisəsinin tələbələri üçün “Ekspo 2025” Ümumdünya Sərgisi haqqında geniş təqdimat keçiriblər.
AZƏRTAC xəbər verir ki, Akademiyanın prorektoru Rizvan Əliyev qonaqları və tələbələri salamlayaraq, təhsilin dəyişən əmək bazarında mühüm rolundan danışıb.
Gənclər və İdman Nazirliyinin bölmə müdiri, “Ekspo səhiyyə” mövzusunun eksperti Məryəm Qafarzadə Ümumdünya Sərgisinin önəmindən danışıb. O, Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olmasını, Azərbaycanın “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə təmsil edildiyini deyib. M.Qafarzadə Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka şəhərlərinin də “Ekspo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliklərini irəli sürdüklərini, sərginin keçiriləcəyi şəhərin isə bu ilin noyabrında müəyyən olunacağını qeyd edib.
Daha sonra Təhsil Nazirliyinin sektor müdiri, “Ekspo təhsil” mövzusu üzrə eksperti Cəsarət Valehli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini, “Ekspo məşğulluq” mövzusunun eksperti Rəna Abdullayeva çıxış ediblər. Çıxışçılar Azərbaycanın birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, zəngin təşkilatçılıq təcrübəsindən, o cümlədən “Ekspo 2025”in önəmindən bəhs edərək tələbələri layihəyə dəstək olmağa səsləyiblər.
Təqdimat zamanı Azərbaycanın və Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış qısa filmlər də nümayiş etdirilib.