REGİONLAR
Tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunda təcrübə keçiblər
Naxçıvan, 8 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilmiş Hüquqşünaslıq ixtisası üzrə 1-ci kurs tələbələri prokurorluqda olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tələbələr əvvəlcə prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumat alıb, buradakı kitabxana ilə tanış olublar. Onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi haqqında da məlumat verilib, hadisə yerinin müayinəsi qaydaları əyani vasitələrlə izah edilib.
Sonra slaydlar vasitəsilə kriminalistik fotoqrafiya haqqında məlumat verilib, hadisə yerinə baxış zamanı fotoçəkilişin tətbiqi qaydalarından bəhs olunub.
Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, sərəncamlarda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair təsdiq olunan tədbirlər planına əsasən Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakı və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsi, eyni zamanda, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakının təmin olunması həyata keçirilir. Prokuror diqqətə çatdırıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və bu tədbirlər hazırda da davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Pərviz Zülfüqarov, Anar Məmmədov və Turqay Həşimlinin çıxışları dinlənilib. Çıxışlarda yeni startap layihələri, cinayət təqibindən kənar icraatlar, prokurorluq orqanlarının cəmiyyətdəki rolundan danışılıb, suallar cavablandırılıb.