ELM VƏ TƏHSİL
Tələbələr Nəsirəddin Tusi yaradıcılığı ilə bağlı bədii proqram təqdim ediblər
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Nəsirəddin Tusi yaradıcılığında elm və mənəviyyat" adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə böyük alim və mütəfəkkir Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr edilmiş maraqlı səhnəciklər, görkəmli mütəfəkkirin hikmətli sözlərindən ibarət "Nəsihətlər çələngi", alimin müasiri olmuş Nizami Gəncəvinin şeirlərinə bəstələnmiş romanslar təqdim edilib. Tədbirdə, həmçinin tələbələrin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyasından hazırlanmış videoçarx göstərilib.
Kollecin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İsrayıl İsgəndərov və ADPU-nun inzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev tələbələrin dünyagörüşlərinin artırılması baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda tələbələrə və müəllimlərə kollecin təşəkkürnamələri təqdim olunub.