MƏDƏNİYYƏT


Tələbələr “Nizami Gəncəvi İli” ilə bağlı AMM-də keçirilən tədbirdə iştirak ediblər

Daşkənd, 29 aprel, AZƏRTAC

Daşkənd Dövlət Stomatologiya İnstitutunun tələbələri “Nizami Gəncəvi İli” ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzindəki “Nizami Gəncəvinin humanist ideyaları və bunun gənc nəslin tərbiyəsindəki rolu” adlı tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəl tələbələr mərkəzin foyesində dahi Nizami Gəncəviyə həsr olunmuş kitab və fotosərgiləri ilə tanış olublar. Sərgidə Nizami Gəncəvi şəxsiyyəti, şairin yaradıcılığı, hikmətli sözləri, habelə ölkəmizə dair maraqlı kitablar nümayiş etdirilir.

Sonra onlar Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Xalça Muzeyinə baxıblar.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Heydər Əliyev Muzeyində Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, gənclərin elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında söhbət açıb.

Mərkəzin kitabxanasında açıq dərs keçirilib, Nizami Gəncəvinin həyat və yaradıcılığı, Azərbaycanda “Nizami Gəncəvi İli” ilə əlaqədar keçirilən tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində nəfis tərtibatla çap olunub.

Tələbələr Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib.

Gənclərə Azərbaycanın 44 günlük Vətən müharibəsi və Silahlı Qüvvələrimizin qələbəsi haqqında da məlumat verilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.