REGİONLAR
Tələbələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda istehsalat təcrübəsi keçirlər
Qəbələ, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muzeyşünaslıq və abidələrin qorunması” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsi keçirlər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktor bildirib ki, istehsalat təcrübəsinin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərinin praktik tətbiqi, bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi, əmək kollektivində iş təcrübəsi qazanmalarını təmin etməkdir.
Təcrübə müddətində tələbələrə həm nəzəri, həm də praktiki dərslər tədris olunur. Qoruğun elmi işçisi Mirazim Səmədov təcrübəçilərə qoruğun fəaliyyəti, qazıntılardan tapılan arxeoloji tapıntılar və onların tarixi haqqında ətraflı məlumat verir. Eyni zamanda, qoruğun rəhbər şəxsləri tərəfindən təcrübəçilərə real iş şəraitində işləmək, işçilərlə davranmaq və digər etiket qaydaları barədə də təlimlər keçirilir.
Tələbələr, həmçinin fond işinin təşkili, arxeoloji tapıntıların qeydiyyata alınması, inventarlaşdırılması, kargüzarlıq işi və digər məsələlər barədə də bilik və vərdişlər əldə edirlər.