REGİONLAR
Tələbələr “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiyanı səhnələşdiriblər
Naxçıvan, 28 aprel, AZƏRTAC
Naxçıvanda keçirilən “Nizami dünyası” teatr müsabiqəsinin ilk mərhələsində Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən “Xəmsə”yə daxil olan əsərləri özündə təcəssüm etdirən “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiya səhnələşdirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyan tamaşa aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə qiymətləndirilib. Münsiflər heyəti sonda tələbələrə tamaşa ilə bağlı fikir və iradlarını bildirib, onlara uğurlar arzulayıblar.
May ayında sona çatacaq müsahibənin qalibləri münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq, ilk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi teatr müsabiqəsi “Nizami Gəncəvi İli” çərçivəsində keçirilir.