REGİONLAR
“Tələbələr arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsinə yekun vurulub
Sumqayıt, 16 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər evində “Tələbələr arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən həyata keçirilən layihədə şəhərdə yerləşən ali, orta ixtisas, peşə təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssisələrinin şagirdləri iştirak ediblər.
Layihənin məqsədi şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasında şagirdlərə öz bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaq idi.
Təlimçi ekspert Ramil Süleymanov apardığı son təlimdə robot texnologiyalarının tətbiqi, “Polyup” ilə hesablama təfəkkürünün inkişaf etdirilməsi metodları barədə interaktiv müzakirələr və qrup işləri həyata keçirib.
Üç ay davam edən layihədə 140 nəfər gənc iştirak edib.