ELM VƏ TƏHSİL
Tələbələr kredit üçün Maarifçi Tələbə Kredit Fonduna oktyabrda müraciət edə bilərlər
Bakı, 13 sentyabr, AZƏRTAC
Ötən il Təhsil Nazirliyinin təşəbbüsü ilə təsis edilən Maarifçi Tələbə Kredit Fondu (MTKF) indiyədək 135 tələbənin təhsil haqqı ilə bağlı qarşılaşdığı çətinliyi aradan qaldırıb. Belə ki, ödənişli əsaslarla təhsil alan tələbələrə verilən uzunmüddətli güzəştli kreditlər onlara ali təhsil almaqda bərabər imkanlar yaradır. Aztəminatlı ailələrdən olan tələbələr oktyabrın 1-dən 31-dək fonda müraciət edə bilərlər.
AZƏRTAC xəbər verir ki, kredit almaq üçün yaşı 25-dən çox olmayan ikinci, üçüncü, dördüncü kurs tələbələri müraciət edə bilərlər. Onlar üçün əvvəlki illərin orta müvəffəqiyyət göstəricisi 71 bal müəyyənləşib. Kreditdən faydalanan tələbələr ödəməni təhsillərini başa vurub işlə təmin olunduqdan sonra edəcəklər. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün isə 60 aydır.
Yeni sistemə qoşulan universitetlərin saylarının artması ilə yanaşı, özəl sektorun da marağı müşahidə olunur. Kreditlər hələlik bakalavr pilləsi üzrə təhsil haqqı üçün verilir. Növbəti illərdə isə yataqxana haqqı, magistr pilləsi üzrə də kreditlərin ayrılması nəzərdə tutulub.