REGİONLAR


Tələbələr maraqlı laboratoriya təcrübələri ilə tanış olublar

Naxçıvan, 3 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Fizika ixtisası III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda institutun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev laboratoriyada görülən işlər haqqında ətraflı məlumat verib.

Tədqiqatçı qeyd edib ki, laboratoriyada Naxçıvan Muxtar Respublikası ərazisində bərpa olunan enerji mənbələrinin öyrənilməsi, yüksək effektli fotovoltaik materialların və çeviricilərin alınması, alınmış strukturların fotoelektrik və optik xassələrinin öyrənilməsi istiqamətində işlər aparılır.

“Laboratoriyanın əsas tədqiqat obyekti kimyəvi çökdürmə üsulu ilə qurğuşun və kadmium xalkogenidləri, onların bərk məhlullarının nazik təbəqələri və bu birləşmələr əsasında heterostrukturların alınmasıdır”, - deyən alim burada müxtəlif səthlər üzərində yüksək adgeziyaya malik, bircins yarımkeçirici nazik təbəqələrin alınmasına, onların optik udma spektrlərinin ətraflı tədqiq olunmasına diqqət çəkib.

Seminarda tələbələrə kimyəvi çökdürmə yolu ilə alınmış yarımkeçirici nazik təbəqələrin dielektrik xassələrinin tədqiqi zamanı alınmış əyrilərin nəzəri funksiyalara uyğunluğunun aparılmasının vacibliyi və bu zaman çox mürəkkəb alqoritmlərdən istifadə olunması ilə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, ellipsometrik ölçmələrin analizi ilk dəfə olaraq dosent M.Hüseynəliyev tərəfindən “Graphical analysis” proqramı ilə həyata keçirilib, onun istifadə metodikası işlənib hazırlanıb. O qeyd edib ki, bu üsuldan istifadə olunmasını Fiziki tədqiqatlar laboratoriyasının əsas uğuru hesab etmək olar.

Sonra laboratoriyanın kiçik elmi işçisi Leyla İbrahimovanın “Tanınmış alim Albert Eynşteynin həyatı və elmi fəlaiyyəti” mövzusunda çıxışı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.