REGİONLAR
Tələbələr pozucu qüvvələrin ölkəmizdəki fəaliyyəti barədə məlumatlandırılıblar
Lənkəran, 12 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 12-də Lənkəran Dövlət Universitetində (LDU) Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təşkilatçılığı ilə “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşlarının, LDU-nun professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən universitetin rektoru, professor Natiq İbrahimov dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi xidmətlərdən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu daxili və xarici siyasətin yürüdüldüyünü vurğulayan N.İbrahimov bildirib ki, gənclər hər zaman ölkənin milli mənafeyini qorumalı, təhsil və davranışları ilə nümunə olmalı, Vətənin inkişafı naminə əzmlə çalışmalıdırlar.
Konfransda mövzu ilə bağlı DTX-nin əməkdaşı Tural Məmmədovun məruzəsi dinlənilib.
Məruzəçi təhlükəsizlik orqanlarının keçdiyi bir əsrlik şərəfli yoldan söz açaraq bildirib ki, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasını ulu öndər Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə qoyub.
Diqqətə çatdırılıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər ölkənin hər bir vətəndaşından ayıq-sayıq olmağı tələb edir.
Tural Məmmədov ölkəmizdəki sabitliyi, milli birliyi və tolerantlığı qorumağı hər bir gəncin ali vətəndaşlıq borcu olduğunu vurğulayaq qeyd edib ki, ölkəmizin ziyalı gənclərinin toplaşdığı qurumlarda, ali təhsil müəssisələrində keçirilən tədbirlər maarifləndirmə məqsədi daşıyır və ölkənin təhlükəsizliyinə yönəlib.
Dövlət Təhlükəsizlik Xidmətini hər bir dövlətin onurğa sütunu adlandıran DTX-nın əməkdaşı Azərbaycan dövlətinə qarşı xarici və onların dəstəklədikləri daxili qüvvələr tərəfindən daim hücumların, təxribatların olduğunu bildirib, bu təxribatların qarşısının xüsusi xidmət orqanları tərəfindən uğurla alındığını diqqətə çatdırıb.
Tural Məmmədov son illərdə xaricdən maliyyələşən qüvvələrin ölkəmizdə daxili sabitliyi pozmaq məqsədilə əl atdığı təxribatlardan danışıb, gəncləri təhrikedici çağırışlara, təkliflərə uymamağa çağırıb.
Konfransda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.