ELM VƏ TƏHSİL
Tələbələr üçün akademik test mərkəzi açılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin bütün təhsil müəssisələrinin tələbələri üçün vahid akademik test mərkəzinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov universitetdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Qeyd edilib ki, akademik test mərkəzi tələbə və müəllimlərə müvafiq sertifikasiya imtahanına hazırlaşmaq imkanı yaradacaq, gənclərin peşəkarlığının artmasına, onların qlobal işçi bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edəcək və respublikada bütün tələbələr üçün əlçatan olacaq.
Mərkəzin yaradılmasında məqsəd bu qurum tərəfindən peşəkarlıqları beynəlxalq sertifikatla təsdiq olunacaq IT-mütəxəssislər yetişdirməkdir.
Yeni test mərkəzində müxtəlif ali təhsil müəssisələrinin tələbələri müvafiq kurslar üzrə yüksək keyfiyyətli təhsil alıb, əlverişli şərtlərlə imtahanlar verə biləcəklər.
Digər çıxış edənlər də müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, təqdim edilən mərkəzin əhəmiyyətindən danışıblar.