ELM VƏ TƏHSİL


Tələbələr üçün arxeoloji düşərgə təşkil edilib

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının nəzdində respublikanın ali təhsil müəssisələri tələbələrinin iştirak etdiyi arxeoloji düşərgə fəaliyyətə başlayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan arxeoloji düşərgənin məqsədi tələbələri Azərbaycan tarixi barədə əyani məlumatlandırmaq və onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdir.

Ali təhsil müəssisələrinin tələbələrindən ibarət arxeoloji düşərgələrin təşkili Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndinə (Gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5.6 bəndinə (Yay tətili müddətində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi) uyğun olaraq gerçəkləşir.

Tələbələr C.Eminlinin rəhbərliyi ilə Lerikin Gürdəsər kəndi yaxınlığındakı Piboztəpə antik dövr nekropolunda tədqiqatlar aparır, bölgənin və respublikamızın tarixi barədə məlumatlar əldə edir, rayonun təbiəti, tarixi abidələri, qədim keçmişi və etnoqrafik irsi ilə tanış olurlar.

Arxeoloji düşərgə iyulun 20-dək davam edəcək. Düşərgədə iştirak edən tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.